Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda «İlin Adamı» elan olunub

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycanda «İlin Adamı» elan olunub.
Azərbaycanın «Gənc liderlər» uşaq təşkilatı, uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı, uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə, «İlin Adamı» elan edib. Bu barədə təşkilatın sədri Fərid Şahbazov bildirib.
«Gənc liderlər» Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də «Uşaqların dostu» elan etmişdi.
F.Şahbazov bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində ənənələrini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layiqincə davam etdirirlər. «Məhz Mehriban Əliyeva uşaqların illərlə həll olunmamış sosial problemlərinin həllinin təşəbbüskarı olub», – deyə o bildirib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2004 – cü il mayın 10- da yaradılıb. Fondun fəaliyyətinin prioritetləri uşaqlara, xüsusi diqqət və qayğıya ehtiyac duyan əhalinin az təminatlı təbəqəsinə qayğı göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu fəaliyyətinin qısa müddəti ərzində «Yeniləşən Azərbaycana – yeni məktəblər», «Talassemiyasız həyat», «Diabetdən əziyyət çəkən uşaqlara qayğı», «Uşaq evləri və internat məktəblərin inkişafı» və s. bir sıra iri proqram və layihələr həyata keçirib və bəzilərinin reallaşdırılmasını davam etdirir.
«Yeniləşən Azərbaycana – yeni məktəblər» proqramı çərçivəsində, ayrı-ayrı rayon və kəndlərdə artıq 132 məktəb tikilib, ikinci mərhələdə isə, daha 100 məktəbin inşası planlaşdırılır.
«Uşaq evləri və internat məktəblərin inkişafı» Proqramına müvafiq olaraq, Bakıda və ölkənin bölgələrində bütün internat məktəblər təmir olunub və hər cür avadanlıqla təmin edilib, Trend yazır.

Leave a Reply