
Adambaşına düşən kompüterlərin sayına görə Azərbaycan yaxın gələcəkdə Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatacaq. Bunu «2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri» mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Gələcək 5 il üçün biz qarşımıza İKT-in inkişafına dair məqsədyönlü plan qoymuşuq. Həmin plan dörd əsas hissədən ibarətdir: kosmik texnologiyaların, nanotexnologiyaların, nüvə və biotexnologiyaların inkişafı. Misal üçün, bu gün Azərbaycanda 50 dollar dəyərində xammal neftdən 500 dollarlıq müxtəlif neft məhsulu hazırlanır, nanoborucuqlar texnologiyasının və digər qabaqcıl innovasiyaların köməyi ilə yaxın illərdə həmin miqdarda 50 dollar dəyərində neftdən Azərbaycan 5000-10000 dollarlıq neft məhsulu istehsal etmək imkanına qadir olacaq”, – deyə nazir qeyd edib.
Ə.Abbasov həmçinin bildirib ki, “Azərbaycanda regional innovasiya mərkəzləri yaradılacaq ki, burada infrastruktur və ölkənin müxtəlif rayonlarında müasir texnoloji sektorlar inkişaf etdiriləcək. Nəticədə biz kiçik və orta biznesin inkişafını müşahidə edə bilərik. Bu ilin yekunlarına əsasən İKT sektorundan gəlirlər 1 mlrd. ABŞ dolları, 2010-cu ildə 4 mlrd., 2012-ci ildə 6 mlrd. dollar olacaq. 2018-ci ildə isə innovasiya texnologiyalarının gəlirləri neft-qaz sektorunun gəlirlərinin səviyyəsinə çatacaq”.
Filed under: Azerbaijan, Bakı, INTERNET | Tagged: Rabitə, Əli Abbasov, Əli Abbasov: “İKT sahəsinin gəlirləri 2018-ci ildə neft-qaz sektoruna bərabər olacaq”













