Əli Abbasov: “İKT sahəsinin gəlirləri 2018-ci ildə neft-qaz sektoruna bərabər olacaq”

Adambaşına düşən kompüterlərin sayına görə Azərbaycan yaxın gələcəkdə Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatacaq. Bunu «2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri» mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Gələcək 5 il üçün biz qarşımıza İKT-in inkişafına dair məqsədyönlü plan qoymuşuq. Həmin plan dörd əsas hissədən ibarətdir: kosmik texnologiyaların, nanotexnologiyaların, nüvə və biotexnologiyaların inkişafı. Misal üçün, bu gün Azərbaycanda 50 dollar dəyərində xammal neftdən 500 dollarlıq müxtəlif neft məhsulu hazırlanır, nanoborucuqlar texnologiyasının və digər qabaqcıl innovasiyaların köməyi ilə yaxın illərdə həmin miqdarda 50 dollar dəyərində neftdən Azərbaycan 5000-10000 dollarlıq neft məhsulu istehsal etmək imkanına qadir olacaq”, – deyə nazir qeyd edib.
Ə.Abbasov həmçinin bildirib ki, “Azərbaycanda regional innovasiya mərkəzləri yaradılacaq ki, burada infrastruktur və ölkənin müxtəlif rayonlarında müasir texnoloji sektorlar inkişaf etdiriləcək. Nəticədə biz kiçik və orta biznesin inkişafını müşahidə edə bilərik. Bu ilin yekunlarına əsasən İKT sektorundan gəlirlər 1 mlrd. ABŞ dolları, 2010-cu ildə 4 mlrd., 2012-ci ildə 6 mlrd. dollar olacaq. 2018-ci ildə isə innovasiya texnologiyalarının gəlirləri neft-qaz sektorunun gəlirlərinin səviyyəsinə çatacaq”.
Microsoft Internet Explorer üçün təcili təhlükəsizlik proqram paketi hazırlayıb

Bakı vaxtı ilə saat 22:00-da Microsoft şirkəti Internet Explorer brauzeri üçün təcili təhlükəsizlik proqram paketi təqdim edib. Xatırladaq ki, həftənin əvvəlində antivirus şirkətləri son bir neçə il ərzində Internet Explorer istifadəçilərinin kompüterlərinin böyük müdaxiləyə məruz qalması barədə xəbər vermişdirlər. Zəif nöqtələr Internet Explorer 5.01-dən tutmuş Internet Explorer 8 Beta 2-yə kimi brauzerin bütün versiyalarında aşkar olunub.
Microsoft şirkəti Internet Explorer brauzeri ilə işləyən kompüterlərə xakerlər tərəfindən hücum halların kəskin sürətdə artmasını qeyd etmişdir. Hücum üçün bədəməl istifadəçilər tərəfindən Internet Explorer-də açıq olan zəif nöqtədən istifadə olunması bildirilirdi, Cybersecurity yazır.
Dünyada İKT sahəsində çalışan ən bahalı şirkətlərin yarısı Azərbaycanda təmsil olunub

CNews Analytics təşkilatın hazırladığı dünyanın ən bahalı İKT-şirkətlərinin reytinqində adları çəkilən 20 şirkətdən 10-u Azərbaycan ərazisində fəaliyyət göstərir. Reytinqə Microsoft şirkəti başçılıq edir. İlk “beşliyə” həmçinin China Mobile, AT&T, IBM və Cisco Systems şirkətləri daxildir.İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, həmin reytinqdə təqdim olunan Microsoft, Cisco Systems, НР, IBM, Apple Computer, Intel, Oracle, Google və Nokia kimi şirkətlər bu və ya digər səviyyədə Azərbaycanda fəaliyyət göstərirlər.Reytinqdə təqdim olunan və Azərbaycanda təmsil olunmuş digər şirkətlər isə stasionar və mobil rabitə operatorlarıdırlar.
Dünya nəhənglərinin Azərbaycanda fəaliyyəti ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud olan böyük potensialının sübutudur. Bununla belə, Azərbaycanda təmsil olunan şirkətlərin bəziləri müxtəlif dövlət miqyaslı layihələrdə iştirak etməklə, hökumət qurumları ilə tərəfdaşlıq edirlər. F.Kazımov qeyd edir ki, əgər Azərbaycan hökuməti İKT-nin müxtəlif sahələrdə tətbiq olunmasına istiqamətlənən kursuna davam edərsə, həmçinin insani resurslara və yüksək texnoloji məhsullara əsaslanan yeni iqtisadiyyatı sistemli şəkildə yaradarsa, o zaman Azərbaycana liderlərlə yanaşı orta səviyyəli şirkətlərin də axını müşahidə olunacaq.
Ceyhun Osmanlı: “Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq” – MÜSAHİBƏ

Dalğa” Hərəkatının adı eşidiləndə ilk növbədə ağıla gələn “azad seks” layihəsi olurFəaliyyəti dayandırılmış “İrəli” Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlının APA-ya müsahibəsi
- “İrəli” Gənclər Hərəkatının buraxılması ilə bağlı qərar cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Yeni yaranan təşkilatın buraxılmasına səbəb nədir və ümumilikdə, 2008-ci il “İrəli” Gənclər Hərəkatı üçün necə keçdi?
- 2008-ci ilin Azərbaycan üçün qaynar keçəcəyi əvvəlcədən bəlli idi. Çünki prezident seçkiləri ili idi və təbii ki, cəmiyyətdəki bir çox proseslər prezident seçkilərinə indeksləşmişdi. Yəni belə bir seçki əhval-ruhiyyəsi var idi. İqtisadiyyatda davamlı inkişaf oldu. Gömrük islahatları keçirildi. bizim arzuladığımız dəyərlərdən biri də liberal iqtisadiyyatdır. Bunun üçün də azad gömrük, azad vergi sistemi olmalıdır. Biz güman edirik ki, bu sahədə proqres daha da artacaq. Bu ili siyasətdə yeni siyasi mədəniyyət ili kimi qiymətləndirmək olar. Son seçkidə yeni siyasi mədəniyyət yarandı. Hərəkatımız üçün də 2008-ci il uğurlu sayıram, təşkilat öz pik nöqtəsinə çatdı. Bizim seçdiyimiz inkişaf modeli hərəkat formatında, xaotik inkişaf modeli idi. İearxiyaya əsaslanmayan bir idarəçilik prinsipi idi. Biz yaranan zaman proqnozlaşdırmışdıq ki, bu modellə təxminən 5 min gənci əhatə edə bilərik. Amma proqnozlarımızın üstündə bir rəqəmlə qarşılaşdıq, 6 min gənci əhatə etdik. Görünür, fəaliyyətimiz çox uğurlu oldu ki, cəmiyyətdə böyük bir ictimai sifariş yarandı və daha geniş təbəqələr “İrəli”də təmsil olunmaq istədilər. Xüsusən də gənclər və digər qruplar. Amma biz onların hamısını əhatə edə bilmirdik. Çünki bizim idarəçilik modeli artıq o qədər məhdud idi, bütün qrupları əhatə etmək imkanlarımız xaricində idi. Və biz hesab etdik ki, zirvədə olarkən yeni bir siyasi mədəniyyət nümayiş etdirərək vaxtında fəaliyyətimizə xitam verək və yaddaşlarda ən güclü hərəkat kimi qalaq. Eyni zamanda da nə özümüzü, nə də cəmiyyətimizi aldadaq. Bizim üçün əsas keyfiyyət prinsipi olub. həmişə idarə edə biləcəyimiz qədər insanla işləməyə üstünlük vermişik. Prezident seçkilərində hərəkatımızın brendlərindən biri İlham Əliyevin rəsmi brendi “İlhamla irəli” oldu. Bu da bizim üçün xüsusilə sevinc gətirən bir məsələ idi və bu “İrəli”nin Azərbaycanda bir az da tanınmasına səbəb oldu. Hərəkat bu vaxta qədər 550 layihə həyata keçirdi, 500-dən çox hərəkat üzvlərimizi 40-dan çox ölkədə müxtəlif kurslarda, proqramlarda iştirakını təmin etdik. Bunun özü böyük bir göstəricidir. 20 ali məktəbi, 30 regionu əhatə etdik. Amma hesab etdik ki, fəaliyyətimizin pikində getməliyik. (davamı…)
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı buraxıldı
BƏYANAT
3 il bundan əvvəl, 26 Avqust 2005-ci il tarixində Azərbaycan gənclərinin sosial sifarişi ilə yeni tipli bir gənclər təşkilatı olan “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı yarandı. Hərəkatın ideyası öz milli-mənəvi dəyərlərinə bağlı, eyni zamanda müasir inkişafı özündə əks etdirən gəncləri səfərbər etmək, onların inkişafına çalışmaq, bu yolla da ölkədə gedən inkişafa töhfə vermək idi.
3 illik fəaliyyəti boyunca “İRƏLİ”-nin fəaliyyəti 20 ali məktəbi, 30 regionu əhatə edmişdir. “İRƏLİ” 60-dan çox beynəlxalq şəbəkə və təşkilatla əməkdaşlıq edir. Hal-hazırda “İRƏLİ”-nin 6 mindən çox üzvü vardır.
“İRƏLİ”-də gənclərin inkişafını təmin etmək üçün 12 departament və 18 klub faəliyyət göstərir. Departamentlərə – Layihələr, Təhsil və Maarifləndirmə, Beynəlxalq Əlaqələr və Qarabağ, Mədəniyyət və İncəsənət, Asudə vaxtın təşkili, İnformasiya Texnologiyaları, Regionlarla iş, Tibb və Sağlamlıq, Strateji araşdırmalar, İdeoloji məsələlər, Kütləvi tədbirlərin təşkili, İşədüzəltmə və karyera departamentləri daxildir. Klublara – Politoloqlar, Ekoloqlar, Xanımlar, Ədəbi Məclis, Teatr, İqtisadçılar, Ritorika, Tarixçilər, İntellekt, İnsan hüquqları, Vətənpərvərlər, Futbol, Biznes, Dizayn, Turizm, Təlimçilər, Diaspora, Debat klubları daxildir.
Effektiv planlaşdırma və davamlı fəaliyyət nəticəsində “İRƏLİ” cəmi 3 il ərzində 550-dən çox layihə və aksiyanın reallaşmasına imza atmışdır.
“İRƏLİ” öz fəaliyyəti haqqında məlumatı mütəmadi olaraq www.ireli.az, www.ireliwap.com, www.youtube/irelitv vasitəsi ilə, eyni zamanda “İRƏLİ PRESS” qəzeti ilə yaymışdır.
“İRƏLİ” öz fəaliyyəti ilə sübut etdi ki, effektiv fəaliyyət nəticəsində 6 nəfərlə başlayan bir hərəkatı 6 min nəfərə çatdırmaq, eyni zamanda öz kateqoriyasında olan təskilatlar arasında liderliyi qazanmaq mümkündür.
Hesab edirik ki, fəaliyyət göstərdiyi 3 ildən bir qədər artıq zaman ərzində “İRƏLİ” qarşıya qoyduğu məqsədlərə çatmışdır.
Beləliklə, 26.08.2005-də təsis edilən “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının 09.12.2008-ci ildə qəbul etdiyimiz qərarla buraxılmasını bəyan edirik.
Fəaliyyətimiz müddətində hər zaman bizimlə olan və bütün uğurlarımızı şərtləndirən “İRƏLİ” üzvlərinə dərin ehtiramımızı bildirir, eyni zamanda bizimlə əməkdaşlıq etmiş, hərəkatımıza dəstək göstərmiş bütün şəxslərə və qurumlara öz minnətdarlığımızı ərz edirik.
Hörmətlə,
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri
09.12.2008
İnformasiya birbaşa klaviaturadan oğurlana bilərmiş

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc -a bildirmişlər ki, informasiya təhlükəsizliyi üzrə İsveçrə mütəxəssisləri klaviaturanın düymələri ilə elektromaqnit siqnallarını analiz edən qurğu hazırlamışlar. Həmin qurğunun vasitəsilə kompyuter istifadəçisinin nə yazdığını müəyyən etmək mümkündür. Siqnalların hesablanması üçün radioantendən istifadə olunmuşdur. Noutbuk da daxil olmaqla, bu üsulla 11 müxtəlif klaviatura testdən keçirilmişdir. Tədqiqatçıların sözlərinə görə, aparılmış dörd təcrübədən biri baş tutmuşdur. Eksperiment nəticəsində 20 metr uzaqlıqda olanların kompyuterdə nə yazdıqlarını təyin etmək mümkün olmuşdur.
İnformasiya oğurluğunun yeni üsulunu Lozannada yerləşən İsveçrə Texniki İnstitutunun aspirantları fikirləşmişlər. Onlar öz hesabatlarında yeni texnologiyanın daha da təkmilləşdirilə biləcəyini söyləmişlər. Çünki təcrübədə nisbətən ucuz texnikadan istifadə olunmuşdur. Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, vacib informasiyanı alışdığımız klaviatura ilə ötürmək artıq təhlükəlidir. İsveçrəlilərin işi Kembric Universiteti mütəxəssislərinin təcrübəsi əsasında həyata keçirilmişdir. Həmin təcrübə əvvəllər Kembric mütəxəssisləri tərəfindən aparılmışdır.
İlham Əliyev Azərbaycan xalqını müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib

Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, eyni zamanda, onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir.
Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir. Əmin olduğumu bildirirəm ki, müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah niyyətlər gerçəkləşəcək, Ulu Tanrının mərhəməti xalqımızın və dövlətimizin üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlar!
Bu müqəddəs gündə bir daha Sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi yetirir, hamınıza möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
Azərbaycanda WiMаx texnologiyasına maraq
WiMаx texnologiyasının istifadəsi ilə Azərbaycanda Şəbəkəyə çıxış təqdim edən Azqtel şirkəti, həm əhali, həmdə biznes-struktur tərəfindən öz xidmətlərinə olan marağı qeyd edir.
Şirkətdə bildirirlər ki, bu xidmətlərin təqdim olunmasının bir az bundan əvvəl başlanmasına baxmayaraq, Azqtel-in abunəçi sayı artıq 50-ni ötüb ki, bunların 30%-i biznes-strukturun payına düşür.
Fineko/abc.az-ın, məlumatına görə, Azqtel-in minimal tarif paketi 20 manat təşkil edir. Xidmətdən istifadə etmək üçün modem əldə etmək lazımdır. Son istifadəçi üçün birləşmə sürəti hələ ki saniyədə 1,5 meqabitə bərabərdir. Qeyd edək ki Wi-Max-ın tətbiqi üçün avadanlıq Cisco şirkəti tərəfindən təqdim olunub.


