Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

2009-cu ildə Avropa İttifaqında SMS və rouminq xidmətlərinə dair qiymətlərin endirilməsi haqqında qanun qəbul oluna bilər. Avropa Komissiyası tərəfindən təklif olunmuş qanunun qəbul olunduğu halda rouminq çərçivəsində mətnli ismarıcların göndərilməsinin qiymətləri 60%, yəni 46 avro sentdən 18 sentədək enəcək. Bir dəqiqə danışıq qiymətinin isə 72 sentdən 54 sentədək enəcəyi gözlənilir.
Qeyd edək ki, həmin qanun layihəsini təklif etmiş Avropa Komissiyası dəfələrlə mobil rabitə şirkətləri tərəfindən təqdim olunan xidmətlərin olduqca baha olmasına dair öz narazılığını bildirmişdir. 2007-ci ilin sentyabr ayında bu qiymətlər üçün limit təyin olunmuşdur – çıxış zəngləri üçün 68 sent, daxili zənglər üçün isə 34 sent. Analitiklərin rəylərinə əsasən, rouminq xidmətindən əldə olunan vəsait mobil operatorların ümumi gəlirlərinin 8-15% təşkil edir.
Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılacaq

Azərbaycan Nazirlər Kabineti yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınmasında, informasiya texnologiyalarının inkişafında nanotexnologiyaların həlledici rolunu nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Sənədə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bir ay müddətində Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsinin layihəsini, struktur və ştat sayı barədə təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edilməsi barədə tapşırıq verilib. Qeyd edək ki, qərarın tam mətni ilə RİTN-in portalının “huquqi sənədlər” bölməsində tanış olmaq olar.
Yahoo özünün əsas səhifəsinin dizaynını dəyişdirir

Bu gündən etibarən Yahoo internet-portalının əsas səhifəsi olan Yahoo.com saytının yeni variantı test fəaliyyətinə başlayır. Bir qədər yenilənmiş dizayndan əlavə, yeni versiya istifadəçilərə onun görünüşünü müəyyən etmək, eləcədə bu və ya digər məlumatın göstərilib. göstərilməməsinə dair qərar qəbul etmək imkanı yaradır. Hazırda yeni tərtibdə sayt demək olar ki işləyir, lakin təxminən 100 istifadəçidən biri Yahoo.com-un yeni versiyasına daxil ola bilir. Xatırladaq ki, Yahoo.com-un ümumi aylıq istifadəçi auditoriyası 300 milyon nəfərdən çoxdur, Cybersecurity yazır.
Bundan əlavə portalın yeni formatı istifadəçiləri maraqlandıran digər saytlarda olan kontentin yerləşdirilməsi, qrafik və mətn reklamların yeni variantlarının göstərilməsi imkanlarına malikdir.
Yahoo!-da qeyd edirlər ki, bəzi imkanlar bundan əvvəl MyYahoo servisində təqdim olunurdu, lakin hazırda bu xidmətlər demək olar ki birləşdirilib.
Azərbaycanda prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

Prezident seçkiləri günü seçkiləri müşahidə etmək üçün məntəqələrdə kameralar quraşdırılacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzəhir Pənahov deyib.
MSK sədri bildirib ki, kameralar respublika üzrə seçki məntəqələrinin 10%-ni əhatə edəcək. Onun sözlərinə görə, məntəqələrin səsverməyə hazırlanması müddəti də daxil olmaqla, axşam protokollar tərtib olunub dairələrə göndərilənədək, bütün proseslər kameralarla müşahidə olunacaq. Kameralar internetə qoşulacaq və dünyanın istənilən ölkəsində Azərbaycanda prezident seçkilərini izləmək mümkün olacaq. M.Pənahov qeyd edib ki, demokratik ölkələr üçün nümunə ola biləcək bu addım şəffaflıq, aşkarlıq baxımından böyük əhəmiyyət kəsb edəcək. Bu barədə Trend məlumat verir.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
İrəli ÜGH-nin tərkibində Parlament seçkiləri
İrəli ÜGH-nin tərkibində “Parlament Seçkiləri” keçirilir.Namizədlər artıq müəyyənləşdirilib.Namizədlər təbliğat-təşviqat işləri ilə məşğul olmağa başlayıblar.13sentyabr 13:13 də İrəlinin ofisində debat təşkil olunacaq və bundan sonra qalib İrəli üzvlərinin səs verməsi yolu ilə müəyyənləşəcək.
Namizədlər:
1. Babayev Tural
2. Babayev Orxan
3. Bağırlı Araz
4. Qaraşov Roman
5. Rzayev Murad
Namizədlərin tərcümeyi hallarını ardında oxuya bilərsiniz: (davamı…)
Yaxın üç il ərzində Azərbaycanın kompüter bazarı 3 dəfə genişlənəcək

Gələn ildən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Intel və Microsoft şirkətləri ilə birgə həyata keçirdiyi etdiyi “Xalq kompüteri” layihəsinin icrasına başlanacaq. APA-ECONOMICS-inməlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, 2008-ci ilin sonuna kimi Microsoft, Intel şirkətlərinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə səyləri nəticəsində layihənin işlənib hazırlanması, o cümlədən dövlət tərəfindən güzəştli kreditlərin təqdim olunması üzrə işlər başa çatdırılacaq: “Həmin layihə bir çox üstünlüklərə malik olacaq ki, bu üstünlüklərin ən asası prosessor və proqram təminatlarının qiyməti ilə bağlıdır. Belə vəziyyətdə alıcıların kompüterə olan marağı artacaq. Bununla yanaşı prosesdə vacib rolu güzəştli şərtlərlə kredit ödəmə imkanları olacaq”.
Ə.Abbasov həmçinin qeyd edib ki, layihənin icrası nəticəsində ilk üç il ərzində Azərbaycanın kompüter bazarının 3 dəfə genişlənməsi gözlənilir. Belə ki, əgər hazırda hər 100 nəfərə 6-7 kompüter düşürsə, yaxın 3 il ərzində hər 100 nəfərə 20 kompüter düşə bilər. Qeyd edək ki, yerli ekspertlərin rəylərinə əsasən, Azərbaycanın kompüter bazarının illik həcmi 100 min hazır sistem (stasionar və portativ kompüterlər və serverlər) təşkil edir.