Britaniyada hökumət çevrilişi hazırlanır

Böyük Britaniyanın baş naziri Qordon Braun başçılıq etdiyi hökumətdə çevriliş cəhdi ilə üzləşib. “Times” qəzetinə istinadən verilən məlumata görə, əsas nazirliklərin rəhbərləri baş nazirə ultimatum hazırlayıblar.
Nazirlər Braundan ya iki ay ərzində seçicilərin inamını qaytarmağa, ya da hökumət üzvlərinin iri miqyaslı “üsyanına” hazırlaşmağa çağırırlar. Qəzet qeyd edir ki, partiya funksionerləri Leyborist Partiyasının liderinin dəyişməsini məsələsini kəskin qoymağa hazırdırlar.
Nazirlər Kabinetinin üzvlərindən birinin sözünə görə, Qordon Brauna ultimatumu çatdırmaq ədliyyə naziri Cek Stroya həvalə edəcək. Baş nazir ultimatumu qəbul etməkdən imtina etsə, digər nazirlər də çevrilişə qoşulacaqlar.
“Times” Braunu əvəz edəcək namizədlər arasında hazırkı xarici işlər naziri Devid Milbendin şansının daha çox olduğunu qeyd edir.
“Ergenekon”un qurucuları və hədəfləri açıqlandı!

“Ergenekon” gizli təşkilatı ilə bağlı ittihamnamənin tam mətni dərc edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2455 səhifədən ibarət ittihamnamədə təşkilatının qurucuları və hədəfləri açıqlanıb.
İttihamnamədə bildirilir ki, “Ergenekon” təşkilatını 7 nəfər – Vəli Kiçik, Müzəffər Təkin, Kamal Aləmdaroğlu, Doğu Perinçək, İlhan Səlçuk, Sevgi Erenerol və Mehmet Fikri Karadağ yaradıblar. Onların hamısı silahlı terror təşkilatı qurmaq və idarə etmək, hökuməti devirmək cəhdi, Türkiyə hökumətinə qarşı üsyana çağırış, qəsdən adam öldürtdürmək və s. cinayətlərlə bağlı ittiham irəli sürülüb. Həmin iddialar əsasında Vəli Kiçiyə 225 ildən 423 ilə, Müzəffər Təkinə 199 ildən 441 ilə, Kamal Aləmdaroğluna 278 ildən 599 ilə, Doğu Perinçəyə 288 ildən 625 ilə, İlhan Səlçuka 242 ildən 580 ilə, Sevgi Erenerola 267 ildən 392 ilə, Mehmet Fikri Karadağa 176 ildən 593 ilə qədər həbs cəzası istənilib. İttihamnamədə “Ergenekon”un digər üzvlərinin də adları və “cinayətləri” sadalanıb.
İttihamnamədə terror təşkilatının Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatı ilə əlaqələrinin olmadığı vurğulanır. Məlumata görə, təşkilat üzvləri Türkiyə Silahlı Qüyvvələri Baş Qərargah rəisi Yaşar Böyükanıta və baş nazir Rəcəb Tayyip Ərdoğana, eləcə də Orxan Pamuk, Osman Baydemir, Ahmet Türk, Sebahat Tuncel, Fehmi Koru, yunan patriki Bartholomeus, erməni patriki Mutafyan kimi şəxslərə sui-qəsd planı hazırlayıblar. “Ergenekon” üzvlərinin NATO təsislərinə də hücumlar hazırladığı iddia edilir.
Kürəkəni Nazarbayevi korrupsiyada ittiham etdi

“The Wall Street Journal”a müsahibə verən Əliyev qaynatasını dövlət büdcəsindən milyardlarla dollar pulu mənimsəməkdə, eləcə də ölkə ərazisində çalışan şirkətlərin rəhbərlərindən rüşvət almaqda günahlandırıb.
Rahat Əliyev iddia edib ki, Nazarbayev neft-qaz, mis və uran sənayesində çalışan müəssisələrdə gizli paya, eləcə də şaxələnmiş offşor hesablarına malikdir. Keçmiş kürəkən ittihamlarının bir hissəsini sənədlərlə sübut edib. O, İndoneziya və Lixtenşteyn banklarının çeklərinin sürətini və bank sənədlərini nümayiş etdirib.
Əliyev Nazarbayevin biznesini Vaşinqtondakı konsaltinq şirkətlərindən birində çalışan Aleksandr Mirtçev adlı şəxsin idarə etdiyini vurğulayıb. Mirtçevə isə Qazaxıstan telefon şirkətinin İdarə Hey ətinin üzvü Aygül Nuriyeva kömək edir.
Məlumata görə, Mirtçevin bank əməliyyatı Federal Təhqiqat Bürosunun marağına səbəb olub. Hazırda onun fəaliyyəti ilə bağlı araşdırılma aparıldığı vurğulanır.
Rahat Əliyev jurnalistlərə Nazarbayevin adamlarının qazax müxalifətini izləməsi ilə bağlı sənədlər də göstərib. Onların arasında müxalifətin maraqlarını ABŞ-da təmsil edən şəxslərdən birinin telefon danışığı da olub.
Türkiyə İranın nüvə proqramını dəstəklədi

Türkiyə İranın dinc atom hüququnu dəstəkləyir. “Associated Press” agentliyinə istinadən verilən məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Sayed Cəlali ilə birgə verdiyi mətbuat konfransında deyib.
Babacan bəyan edib ki, hər bir dövlətin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Qeyd edək ki, Cəlali İstanbula Cenevrədən gəlib. O, İsveçrədə beynəlxalq altılıqla danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir.
Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib

APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q. Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir.
Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar.
Amerikada oğurlanmış noutbukların axtarılması üçün sistem işlənib hazırlanıb

Vaşinqton və Kaliforniya universitetlərinin tədqiqatçıları oğurlanmış noutbukların axtarılması üçün nəzərdə tutulmuş Adeona sistemini yaradıblar. Pulsuz təqdim olunan açıq kodlu proqramla təchiz olunmuş yeni sistem noutbuka quraşdırılır və avtomatik sürətdə, noutbukun yerləşdiyi ərazi barədə OpenDHT serverinə şifrlənmiş məlumat göndərir. Proqram yalnız İnternetə qoşulduqda işləyir.
Adeona sistemi quraşdırılmış noutbukun oğurlanması baş veribsə, onun sahibi OpenDHT serverinə qoşulur və öz noutbukunun olduğu yer haqqında məlumat əldə edir. Bu məlumat, login və parol daxil edildikdə yalnız həmin noutbukun sahibi üçün açıq olur. Lakin qeyd etmək lazımdır ki. Adeona oğurlanmış portativ kompüterin dəqiq yerini göstərmir. Sistem yalnız qurğunun IP-ünvanını bildirir və istifadə olunmuş marşrutizatorlar barədə məlumat təqdim edir, Lenta yazır.
Adeona-nı hazırlayan tədqiqatçılar hesab edirlər ki, çıxış kodunun təmamilə açıq olması proqramın digər mütəxəssisləri cəlb etməsinə imkan yaradacaq ki, bunun nəticəsində onun imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaranacaq.
Birinci dərəcəli lazım olan internet-dəst

Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt – digg.com saytıdır.
2008-ci ilin Pekin Olimpiadası haqqında bütün xəbərlər en.beijing2008.cn saytında toplanılıb. Ensiklopediyalar arasında ən tanınmışı wikipedia.org saytı müəyyən olunub. Online-mübahisə etməyə imkan yaradan askphilosophers.org saytında amerika və britaniya filosofları diskussiya aparırlar. Səhmdarlığa yeni başlayanlara, siyahı tərtibatçıları fool.com saytına müraciət etməyə məsləhət görürlər. Kinosevənlər üçün faydalı sayt rottentomatoes.com seçilib. Burada, tənqidçilərin əsas filmlərə çoxlu sayda resenziyaları toplanılıb. Oxumağı xoşlayanlar, evdəki kitabxanalarının kataloqlarını şəbəkəyə qoymaqla yanaşı, həmkarları tərəfindən tövsiyə və məsləhətləri goodreads.com saytından ala bilərlər.
Reytin tərtibatçıları hesab edirlər ki, tez-tez səyahətə çixan insanlar üçün skyscanner.net saytı faydalı ola bilər. Bu saytda onlar aviabiletlərin qiymətini müqaisə edib və ən sərfəli təklif tapa bilərlər.
Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur

Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur.
Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib.
Google üç ölçülü sosial şəbəkə istifadəyə verib

Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür.
Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.Otaq üçün, müxtəlif növ interyer əşyalarını əlavə etməyə mümkün olan bir neçə şablon nəzərdə tutulub. Məsələn YouTube videogörüntüsünü göstərən televizor, mebel və ya fotoşəkilli çərçəvələr.
Kataloqun köməyi ilə, müxtəlif iştirakçıların otaqlarını gəzmək mümkündür. Otaqların içində ünsiyyət zamanı, hər bir dialoq iştirakçısının yanında komikslərdə olduğu kimi, şərhli “qabarcıq” peyda olur.
İstənilən sosial şəbəkədə olduğu kimi, Lively şəbəkəsindədə dost tapmaq olar. Bundan ötrü istifadəçiləri öz otağınıza dəvət etmək kifayətdir. Lively yaradıcıları, üçölçülü hərəkətli sosial şəbəkənin – “iş vaxtınızın 20%-ni şəxsi layihələrinizə xərcləyə bilərsiniz” – şüarını əsas tutan, Google şirkətinin fəaliyyət prinsipləri sayəsində, onların şəxsi təşəbbüslərilə hazırlandığını qeyd ediblər. Hazırda Lively sosial şəbəkəsini ancaq Microsoft Internet Explorer və Mozilla Firefox brauzerləri dəstəkləyirlər.
